Avropanın sirri çözülməyən qədim xalqı: Basklar və onların unikal dili

Qərbi Avropanın mərkəzində, İspaniya ilə Fransanın təbii sərhədini təşkil edən Pireney dağlarının ətəklərində əsrlərdir sirri açılmayan unikal bir icma yaşayır.
Faktum.az bildirir ki, basklar müasir Avropa qitəsində nə dili, nə də genetik mənşəyi heç bir məlum xalqla üst-üstə düşməyən yeganə etnos hesab olunur. Qitənin qədim tarixini və etnoqrafiyasını öyrənən tədqiqatçılar üçün basklar sanki min illər əvvəldən günümüzə çatmış canlı bir müəmmadır.
Baskların ən böyük sirlərindən biri onların Euskara adlandırdıqları doğma dilləridir. Müasir Avropada danışılan dillərin mütləq əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsub olduğu halda, Euskara bu ailənin heç bir qoluna və ya məlum dil qrupuna aid deyil. Dilçilik elmində bu cür dillər izolyat dil (heç bir qohumu olmayan dil) kimi təsnif edilir. Qədim Roma imperiyasının latınlaşdırma siyasətinə, daha sonra isə fransız və ispan dillərinin assimilyasiya təzyiqinə baxmayaraq, basklar öz dillərini min illər boyunca qoruyub saxlamağı başarıblar.
Son illərdə aparılan genetik araşdırmalar da baskların mənşəyi ilə bağlı təəccüblü faktlar ortaya çıxarıb. DNT analizləri göstərir ki, basklar Hind-Avropa tayfalarının Avropaya kütləvi köçündən xeyli əvvəl bu torpaqlarda məskunlaşmış qədim Avropa ovçu-toplayıcılarının və ilk əkinçilərinin birbaşa varisləridir. Onların əsrlər boyu Pireney dağlarının keçilməz relyefində izolyasiya olunmuş şəkildə yaşaması genetik özünəməxsusluğun və unikal mədəniyyətin pozulmadan günümüzədək gəlib çatmasına imkan verib.
Milli kimliklərinə, fərqli adət-ənənələrinə dərindən bağlı olan basklar bu gün də öz muxtariyyətləri, zəngin folkloru və özünəməxsus yaşam tərzi ilə seçilirlər. Avropanın mərkəzində müasir sivilizasiya ilə çiyin-çiyinə yaşayan bu qədim xalq, bəşəriyyətin mənşəyi və dillərin xəritəsi haqqında bildiklərimizi yenidən sorğulamağa məcbur edən en maraqlı etnoqrafik fenomendlərdən biridir.
