Evinizdəki gizli təhlükə

Məişət kimyəvilərini qarışdırarkən edilən səhvlər və təbii təmizlik alternativləri
Faktum.az xəbər verir ki, evdə daha yaxşı təmizlik və dezinfeksiya əldə etmək məqsədilə fərqli məişət kimyəvilərini bir-birinə qatmaq həyat üçün kəskin təhlükə yaradır. Təmizlik vasitələrinin tərkibindəki kimyəvi maddələr reaksiyaya girdikdə havaya zəhərli qazlar buraxır və bu qazlar tənəffüs yollarının ağır zədələnməsinə, gözlərin yanmasına, hətta kimyəvi zəhərlənmələrə sabəb olur.
Aşkar edilən ən təhlükəli səhvlərdən biri xlor (Ağardıcı/Klor) ilə sirkə və ya digər turşuların qarışdırılmasıdır. Bu iki maddə birləşdikdə kəskin zəhərli xlor qazı əmələ gəlir ki, bu da ciyərləri yandıraraq ciddi nəfəs darlığı yaradır. Oxşar şəkildə xlor ilə naşatır spirtinin (ammiak) qarışdırılması zamanı orqanizm üçün çox təhlükəli olan xloramin qazı ayrılır. Həmçinin perekis (hidrogen peroksid) ilə sirkənin bir qabda qarışdırılması dəriyə və gözlərə zərər verən kəskin peratsetat turşusu formalaşdırır. Müxtəlif markalı boru açan kimyəviləri arxa-arxaya tökmək isə reaksiyadan kəskin istilik yaradaraq boruların əriməsinə və ya kimyəvi sıçramalara yol açır.
Bu kəskin kimyəvilərin yerinə evdə daha təhlükəsiz və ekoloji təmizlik alternativlərindən istifadə etmək mümkündür. Məsələn, sirkə və su qarışığı şüşə, güzgü və kafel səthləri parıldatmaq üçün mükəmməl vasitədir. Çay sodası (karbonat) kranlardakı və əyandakı əhəng ləkələrini, eləcə də yağ qalıqlarını cızmadan təmizləyən təbii abrazivdir. Limon şirəsi isə həm pas və yağ ləkələrini aparır, həm də evə təbii xoş ətir verir. Kimyəvi maddələrdən istifadə etmək məcburiyyətində qaldıqda isə mütləq otağın pəncərələrini açıq saxlamaq, rezin əlcəklərdən istifadə etmək və vasitələri heç vaxt bir-birinə qatmamaq lazımdır.
