Paltaryuyan və qabyuyan maşınların tez sıradan çıxmasının əsas səbəbləri

Evdə asan qulluq təlimatı
Faktum.az xəbər verir ki, müasir evlərin ən böyük köməkçiləri olan paltaryuyan və qabyuyan maşınlar gündəlik məişət qayğılarımızı ciddi şəkildə yüngülləşdirir. Lakin bu bahalı texnikalar tez-tez gözlənilmədən sıradan çıxır və böyük təmir xərcləri tələb edir. Əksər hallarda nasazlıqların əsas səbəbi zavod qüsuru deyil, istifadə zamanı edilən kiçik diqqətsizliklər və vaxtında profilaktik qulluğun olunmamasıdır. Bəzi asan qaydalara riayət etməklə bu cihazların ömrünü illərlə uzatmaq mümkündür.
Paltaryuyan maşınların tez sıradan çıxmasının başında həddindən artıq yük vurulması gəlir. Barabanı tutumundan artıq paltarla doldurmaq mühərrikə, kəmərə və amortizatorlara böyük təzyiq salır. Həmçinin paltar cibində unudulan dəmir pullar, açarlar və ya alt paltarlarının dəmir hissələri su nasosunu (pompasını) və barabanı sıradan çıxara bilər. Qabyuyan maşınlarda isə ən böyük səhv qabların üzərindəki iri qida qalıqlarını təmizləmədən maşına düzməkdir. Bu qalıqlar süzgəcləri və su püskürən pərvanələrin deşiklərinə dolaraq suyun dövriyyəsini pozur və motoru yandırır.
Əməl edilməli digər mühüm addım ərpə (əhəngə) və kifə karşı mütəmadi mübarizədir. Bərk su cihazların qızdırıcı elementlərində (TEN) ərp toplayır və enerjini artıq işlətməklə yanaşı detalın yanmasına səbəb olur. Bunun qarşısını almaq üçün ayda bir dəfə paltaryuyan maşını boş halda 60-90 dərəcə temperaturda xüsusi ərp təmizləyici və ya sirke/limon duzu ilə yumaq lazımdır. Qabyuyan maşında isə xüsusi duzdan istifadəni heç vaxt unutmamaq vacibdir. Nəhayət, hər yumadan sonra paltaryuyanın rezin manjetini silmək, qapısını və yuyucu toz xanasını, qabyuyanın isə alt süzgəcini açıq saxlayaraq havalandırmaq pis qoxu və kif yaranmasının qarşısını alacaq.
