Azərbaycan idmançıları Kazanda medallar qazanıblar

Faktum.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində kəmər güləşi üzrə yeniyetmələr arasında Dünya birinciliyi, böyüklər arasında Dünya çempionatı, eləcə də Qırğız kuroşu üzrə Dünya çempionatı keçirilib.
Dünyanın 30-a yaxın ölkəsindən 350-dən çox idmançının qatıldığı mötəbər yarışlarda Azərbaycan milli yığma komandasının üzvləri də ölkəmizi uğurla təmsil edərək yüksək nəticələr əldə ediblər.
Azərbaycanı təmsil edən idman ustası Sadiq Ağamalıyev kəmər güləşi üzrə 130 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, eyni zamanda kəmər güləşinin çimərlik növü üzrə də 130 kq çəki dərəcəsində bürünc medala sahib olub. Digər təmsilçimiz, idman ustası Xəyyam Abdullayev isə güləşin hər üç növü üzrə bürünc medal qazanaraq yarışın ən uğurlu idmançılarından biri olub.
Qeyd edək ki, Sadiq Ağamalıyev qazandığı Avropa və dünya medallarını, eləcə də bütün idman uğurlarını məşqçisi Xəyyam müəllimin əməyi, zəhməti və dəstəyi ilə əlaqələndirdiyini bildirib. O, hər bir qələbəsində məşqçisinin böyük payı olduğunu xüsusi vurğulayaraq, əldə etdiyi nailiyyətləri ilk növbədə onun zəhmətinin nəticəsi kimi qiymətləndirib. Azərbaycan idmançılarının beynəlxalq arenada əldə etdikləri bu uğurlar ölkəmizdə kəmər güləşi və kuroş idman növlərinin inkişafının, həmçinin peşəkar məşqçi-idmançı əməkdaşlığının uğurlu nəticəsi kimi dəyərləndirilir.

