Beynəlxalq Şahmat Günü: 64 xananın Azərbaycan Möhürü

Faktum.az xəbər verir ki, bu gün, 20 iyul – dünyada zəka bayramı kimi qeyd olunan Beynəlxalq Şahmat Günüdür.
1924-cü ilin məhz bu günündə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis edilməsi ilə əsası qoyulan və 1966-cı ildən etibarən qeyd edilən bu özəl günün Azərbaycan üçün çəkisi tamamilə fərqlidir. Çünki ölkəmiz sadəcə bu oyunu oynayan deyil, dünya şahmatının elitasını və gedişatını müəyyən edən əsas mərkəzlərdən biridir.
Azərbaycanın şahmat fenomeni dünyaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və unudulmaz Vüqar Həşimov kimi dahilər bəxş edib. 2000-ci illərin əvvəllərindən etibarən dünya arenasına hücum çəkən qrossmeysterlərimiz intellektual dominantlığımızı hər addımda sübut etdilər.
Kişilərdən ibarət milli komandamızın 3 dəfə Avropa Çempionu (2009, 2013, 2017) olması və Teymur Rəcəbovun 2019-cu ildə Dünya Kubokunu Bakıya gətirməsi şahmat tariximizin ən parlaq səhifələrindəndir. Bu ənənə bu gün də tükənmir; Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı kimi gənclər yeni nəslin gücünü göstərir, Nicat Abasovun Bakıdakı Dünya Kubokunda yarımfinala qədər yüksəlməsi isə bu məktəbin sarsılmazlığını bir daha təsdiq edir. Eyni zamanda, son illərdə qadın şahmatında yaşanan böyük sıçrayış – Günay Məmmədzadə, Gövhər Beydullayeva kimi zəkalarımızın uğurları və Ülviyyə Fətəliyevanın Avropa Çempionu titulu bu sahədə yeni bir eranın carçısı oldu.
Dünyada şahmatın dövlət proqramı səviyyəsində inkişaf etdirildiyi nadir ölkələrdən olan Azərbaycanda 64 xanalı lövhədə qazanılan hər bir qələbə, xalqımızın intellektual potensialının vizit kartıdır. Beynəlxalq Şahmat Gününüz mübarək!
