Zəfər sularında ucalan üçrəngli bayraq: 5 Avqust – Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü

Faktum.az xəbər verir ki, avqustun 5-i ölkəmizdə Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü kimi təntənə ilə qeyd olunur. Bu tarixi günün təməli 1919-cu ilin 5 avqustunda – Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Məhz həmin gün parlamentin qəbul etdiyi qanunla milli hərbi donanma təsis edilib və Xəzər sularında ilk dəfə Azərbaycanın müqəddəs üçrəngli bayrağı dalğalanmağa başlayıb.
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 5 avqust tarixli Fərmanı ilə bu əlamətdar tarix rəsmi olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələri Günü elan edilib. Keçən illər ərzində donanmamız müasir texnika və hərbi gəmilərlə təchiz olunaraq Xəzər dənizində ölkəmizin dəniz sərhədlərinin, strateji obyektlərinin və milli mənafelərinin etibarlı qoruyucusuna çevrilib.
Vətən müharibəsində və sonrakı Zəfər yürüşlərində Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları və xüsusi təyinatlı qüvvələri də göstərdikləri misilsiz şücaətlərlə adlarını tarixə həkk ediblər. Bu gün Azərbaycan Donanması Xəzərdə sülhün və təhlükəsizliyin təminatçısı olmaqla yanaşı, dövlətimizin qüdrətinin və suverenliyinin dənizdəki parlaq rəmzidir.
