Tarixin Dönüş Nöqtəsi: Müdros Sülh Müqaviləsi

Faktum.az xəbər verir ki, 1918-ci ilin 30 oktyabr tarixi Birinci Dünya müharibəsinin yekunlaşmasında və Yaxın Şərqin siyasi xəritəsinin yenidən cızılmasında həlledici rol oynayan Müdros sülh müqaviləsinin imzalandığı gündür.
Lemnos adasının Müdros limanında, Böyük Britaniyanın “Aqamemnon” zirehli gəmisində Osmanlı dövləti ilə Antanta dövlətləri arasında imzalanan bu barışıq sazişi Osmanlı imperiyası üçün faktiki olaraq müharibənin bitməsi və ağır şərtlər dövrünün başlanğıcı oldu. 24 maddədən ibarət olan müqavilə Osmanlı ordusunun tərk-silah edilməsini, boğazların müttəfiq gəmilərinə açılmasını və strateji nöqtələrin işğal olunması hüququnu Antanta qüvvələrinə verirdi.
Müdros müqaviləsinin ağır şərtləri sonradan Anadolu torpaqlarının işğalına yol açsa da, eyni zamanda Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk İstiklal Harbinin alovlanmasına və müasir Türkiyə Cümhuriyyətinin təməllərinin atılmasına təkan verdi. 30 Oktyabr tarixi dünya hərb və diplomatiya tarixində böyük imperiyaların çöküşünü və yeni milli azadlıq hərəkatlarının doğuluşunu simvolizə edən unudulmaz bir səhifədir.
