Sehrin antropologiyası

İnsanlıq niyə min illərdir magiyaya inanır?
Faktum.az xəbər verir ki, texnologiyanın və elmin pik nöqtəsinə çatdığı müasir dövrdə bile insanların uğur amuletlərinə sığınması, bürclərə inanması və ya müəyyən ritualları təkrar etməsi sıradan bir təsadüf deyil. Şüurun inkişaf etdiyi ilk dövrlərdən bəri magiya və sehr müxtəlif formalarda insanlığın ayrılmaz hissəsi olmuşdur. Antropologiya və psixologiya elmi göstərir ki, sehrli təfəkkür sadəcə qədim insanların cəhaləti deyil, psixikamızın naməlumluq qarşısında inkişaf etdirdiyi mühüm bir müdafiə mexanizmidir.
Məşhur britaniyalı antropoloq Ceyms Freyzer özünün fundamenal “Qızıl budaq” tədqiqatında insanlığın idrak təkamülünü üç mərhələyə bölürdü: magiya, din və elm. Freyzerə görə, ilk insanlar təbiətdəki hadisələr (yağışın yağması, xəstəliklər, ovun uğuru) arasında səbəb-nəticə əlaqələrini tam anlaya bilmədikdə “magik təfəkkür”ə (magical thinking) sığınırdılar. İnsan doğası nəzarət edə bilmədiyi şanssızlıq və ya təhlükə qarşısında çarəsiz qalmağı qəbul edə bilmir. Məhz bu nöqtədə psixoloji bir ehtiyac olan “nəzarət illüziyası” devreye girir: müəyyən bir sözü demək, ayin icra etmək və ya simvoldan istifadə etmək insana xaos içində olan kainatı idarə edə bildiyi hissini bəxş edir.
Müasir psixologiya da təsdiqləyir ki, böhran, müharibə və qeyri-müəyyənlik dövrlərində insanlarda sehrli təfəkkürə meyil kəskin şəkildə artır. Çünki beyin qeyri-müəyyənliyi təhlükə kimi qəbul edir və hər hansı bir ritual — hətta obyektiv olaraq heç bir təsiri olmasa bile – daxili həyəcanı və stresi azaldır. Qədim qəbilələrdən tutmuş müasir idmançıların matçdan əvvəl etdiyi totemləərə qədər bütün bu davranışların kökündə eyni psixoloji rahatlama mexanizmi dayanır.
Sosial baxımdan isə sehrli ayinlər və müştərək simvollar qədim icmaların bir arada qalmasını və kollektiv kimliyin formalaşmasını təmin edən güclü bir yapışqan rolunu oynayırdı. Nəticədə, sehrin antropologiyası bizə göstərir ki, magiya xarici aləmi dəyişdirmək gücünə malik olmasa da, insanın daxili aləmini sakitləşdirmək və onu naməlumluğun qorxusundan qorumaq baxımından min illərdir öz funksiyasını yerinə yetirməkdədir.
