Qarabağdan Mərkəzi Asiyaya uzanan strateji əməkdaşlıq

Qarabağdan Mərkəzi Asiyaya uzanan strateji əməkdaşlıq
Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–Qırğız münasibətlərinin təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda ortaq tarixə, mədəniyyətə və qardaşlıq dəyərlərinə söykənən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Səfər zamanı səsləndirilən fikirlər, imzalanan sənədlər və həyata keçirilən rəmzi tədbirlər iki dövlət arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Dövlət başçısının vurğuladığı kimi, Qarabağın bərpasına Qırğızıstanın göstərdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışı bu dəstəyin ən parlaq nümunələrindən biridir. Otuz ilə yaxın işğalın ağır nəticələrinə məruz qalmış bölgədə belə bir təhsil ocağının istifadəyə verilməsi yalnız humanitar yardım deyil, həm də qardaş xalqlar arasında həmrəyliyin, ortaq dəyərlərin və gələcəyə inamın rəmzi kimi dəyərləndirilir. “Manas” məktəbi Qarabağın dirçəliş salnaməsində Qırğızıstanın xüsusi yerini əks etdirən mühüm layihələrdən biri kimi tarixə düşür.
Azərbaycan və Qırğızıstanı birləşdirən amillər isə daha dərin köklərə malikdir. Ortaq tarixi-mədəni irs, türk dünyasına mənsubiyyət və görkəmli şəxsiyyətlərə olan ehtiram münasibətlərin humanitar əsaslarını möhkəmləndirir. Bakıda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın yaradılması, eləcə də Bişkekdə Qırğızıstan–Azərbaycan dostluğu parkının açılması xalqların bir-birinə mənəvi yaxınlığının və qarşılıqlı hörmətinin ifadəsidir. Mədəniyyət günlərinin keçirilməsi, humanitar layihələrin genişləndirilməsi isə bu yaxınlığı daha da gücləndirən mühüm amillər sırasındadır.
Səfərin diqqətçəkən məqamlarından biri də dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması oldu. Prezident İlham Əliyevin Qırğız Respublikasının 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasındakı münasibətlərin yüksək etimad və qarşılıqlı hörmət üzərində qurulduğunu göstərir. Bu təltiflər təkcə liderlərə verilən qiymət deyil, həm də Azərbaycan–Qırğız əməkdaşlığının strateji mahiyyətinə verilən dəyərin ifadəsidir.
Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə Qırğızıstan rəhbərliyinə və region dövlətlərinin prezidentlərinə təşəkkür etməsi isə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu qərar türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsi, regional əməkdaşlığın genişlənməsi və ortaq maraqların daha sıx koordinasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində imzalanan geniş sənədlər paketi də əməkdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirdi. Siyasi dialoqdan iqtisadiyyat və investisiyalara, humanitar sahədən regional əməkdaşlığa qədər uzanan bu razılaşmalar Azərbaycan və Qırğızıstan münasibətlərinin uzunmüddətli inkişafına xidmət edəcək. Bütün bunlar göstərir ki, iki qardaş ölkə arasında qurulan münasibətlər artıq yalnız dostluq deyil, ortaq gələcək və strateji tərəfdaşlıq üzərində formalaşan möhkəm bir ittifaq modelidir.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini
