Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Övladınızı tanıyırsınız?

21 Oktyabr 2026, 10:00 Özəl
728×90

Həndəsədə planimetriya aksiomu olan 3-cü aksiomda bir xətt üzərində olmayan nöqtədən yalnız bir müstəvinin keçdiyi söylənir. Ailə modelini aksiomla qarşılaşdırsaq; ata, ana və övladlar tamamilə başqa nöqtələr üzərində ailə müstəvisi yaradırlar. Mövzuya həndəsədən başlamağımız səbəbsiz deyil.

Ailə iki insanın cismən, ruhən və qanunlarla bir-birinin həyatına daxil olmasıdır. Lakin bu, hələ tamamlanmış ailə demək deyil. Övladların dünyaya gəlişi ailə müstəvisində 3-cü dayaq sütununu möhkəmlədir. Övlad dayaq sütununun əsas nöqtəsi olduğu üçün onun yerini düzgün şəkildə sabitləmək digər iki nöqtənin  ata və ananın məsuliyyətidir.

Hamiləliyin 3-cü ayından etibarən, uşağın ana bətnində düzgün formalaşması üçün ata-ananın bir-birinə və ətrafa qarşı davranışları düşünülmüş olmalıdır. Bu, gələcəkdə uşağın tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Bir insanın beynində 3 yaşına qədər informasiyanın 70%-i depolanır. Uşaqlar dünyanı kəşf etmək, tanımaq üçün gün boyu 250–300 sual verə bilirlər. Sualına aldığı cavab isə beyninin “daş yaddaşına” həkk olunur. Eyni zamanda, valideynlərinin bir-birinə və özünə qarşı davranışlarını da filtrsiz şəkildə beyninə yazır.

Məhz bunu nəzərə alaraq, valideyn uşağı ilə yetkin bir insan kimi davranmalıdır. Xüsusilə, ata qız övladının, ana isə oğlan övladının “ilk məhəbbəti”dir. Qız övladı böyüdən ata maddi, fiziki və psixoloji yorğunluğunu büruzə vermədən qızına diqqət ayırmalıdır. Onda elə bir sevgi yaratmalıdır ki, qız böyüdüyündə atasından ala bilmədiyi sevgini və diqqəti əks cinsdə axtarmasın.

Anaya gəlincə, o, oğlunu şəxsiyyət kimi böyütməyi öyrənməlidir. Bunun üçün xüsusi bir təhsilə və ya elmə gərək yoxdur. Uşağın yaşından asılı olmayaraq, ana geyindiyi paltarda, etdiyi baxımda, yeni saç düzümündə və sairədə oğlunun fikrini önəmsədiyini göstərməlidir. Zəif fiziki güc tələb edən işlərdə oğlundan kömək istəməli, kiçik alış-verişlər üçün fürsət yaradıb onun seçimini alqışlamalı, nöqsanını isə tənqid etmədən düzgün istiqamətə yönəltməlidir. Bu və buna bənzər yanaşmalar oğlan uşağının özgüvənini artırır, onun bir fərd kimi deyil, şəxsiyyət kimi formalaşmasına kömək edir.

Valideynlər övladlarını bir və ya bir neçə uğursuz cəhdinə görə “sən bacarmırsan”, “sən bacarıqsızsan” kimi ifadələrlə qəti şəkildə qorxutmamalıdırlar. Unutmayın ki, övladının yıxılmasından qorxan ana ona yeriməyi öyrədə bilməz.

Elə olur ki, eyni ata-ananın tərbiyəsi ilə böyüyən uşaqlar fərqli davranışlar sərgiləyirlər: biri sözəbaxan, digəri dəcəl olur. Təbii ki, fərdi xarakter əsas amildir. Lakin valideynin diqqət yetirməli olduğu əsas məqam hər uşağa fərdi yanaşma bacarığı olmalıdır. Valideynlərin tərbiyə metodunda yol verdiyi ən kobud səhv övladını digəri ilə müqayisə etməsidir. Belə davranış forması uşaqda valideyninə, bacı-qardaşına və ətrafına qarşı kin yarada bilər.

Mövzumuzu aksiomla başlamışdıq və qeyd etmişdik ki, ailə özü 3 nöqtə üzərində bərqərar olur, övlad isə ailədə mütləq nöqtələrdən biridir. Nöqtənin sağlam və görünən olması üçün digər iki nöqtə, çətinliklə də olsa, tarazlığı qorumağa çalışmalıdır. Onlar övladını tanıyıb, etibarlı şəkildə müstəvinin bir küncünü onun üzərinə yönəltməyi bacarmalıdırlar.

Tərifə Şükürqızı

728×90
Paylaş: