Niyə təmizləmirlər, yoxsa niyə zibilləyirik?

Yol kənarında yığılan zibilləri görəndə ilk sualımız bu olur: “Buranı niyə təmizləmirlər?” Haqlı sualdır. Amma başqa bir sualı da özümüzə verməliyik: “Bəs niyə zibilləyirik?”
Evdə yerə atmadığımız paketi, boş qabı küçədə rahatlıqla atırıqsa, deməli, təmizliyə münasibətimiz qapımızın ağzında dəyişir. Özümüzə aid olanı qoruyur, hamımıza aid olanın qayğısını isə başqasından gözləyirik.
“Onsuz da təmizləyən var” düşüncəsi həm kiminsə əməyinə, həm də yaşadığımız mühitə hörmətsizlikdir. Zibil qabı yoxdursa, tullantını uyğun yerə çatana qədər özümüzdə saxlaya bilərik. Amma məsuliyyəti yalnız vətəndaşın üzərinə qoymaq da düzgün olmaz. Zibil qabları əlçatan olmalı, tullantılar vaxtında daşınmalı, ərazi müntəzəm təmizlənməlidir. İnsanların zibilləməsi təmizliyə cavabdeh qurumların vəzifəsini aradan qaldırmır.
Məncə, “Niyə təmizləmirlər?” deyə soruşarkən “Niyə zibilləyirik?” sualını da unutmamalıyıq. Təmiz küçə tələb etmək haqqımızdır. Onu zibilləməmək isə məsuliyyətimiz.
Hüquqşünas Zaur Quliyev

