Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

”My Beach”də 25 AZN-lik bərbadlıq: Antisanitariya və həyati təhlükə!

22 İyul 2026, 12:16 Cəmiyyət
REKLAM728×90

Faktum.az  xəbər verir ki, Abşeron – Novxanı çimərlik ərazisində yerləşən “My Beach” otel və hovuz kompleksində təklif olunan xidmət və mövcud şərait müştərilərin kəskin narazılığına səbəb olur. Təkcə hovuza giriş üçün 25 AZN ödəniş tələb edilməsinə baxmayaraq, qarşılığında təqdim olunan xidmət və sanitar-gigiyenik vəziyyət bərbad haldadır.

Obyektdə ofisiant xidməti demək olar ki, sıfır səviyyəsindədir, sifariş vermək üçün saatlarla gözləmək lazım gəlir, müştərilərlə rəftar isə son dərəcə kobud və mədəniyyətsizdir.

Masaların kiçik olması səbəbindən yerləşmək üçün iki masanı birləşdirmək istəyən şəxslərə personal tərəfindən süni maneələr yaradılır. Standart otel və hovuz komplekslərindən fərqli olaraq, burada dəsmallar da ödənişlə verilir, yeməklərin və digər xidmətlərin qiyməti isə həddindən artıq bahadır.

​Görüntülərdən də açıq-aşkar görünür ki, obyektdə antisanitariya baş alıb gedir və insan həyatı üçün birbaşa təhlükə yaradan şərait mövcuddur.

Soyunub-geyinmə otaqlarında və rütubətli mühitdə divardan açıq elektrik naqillərinin asılı qalması xüsusilə uşaqlar üçün hər an elektrik vurması riskini ortaya çıxarır. Bununla yanaşı, şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulan dolabların qapıları qopub sıradan çıxıb, tavan və divarlarda su sızması nəticəsində nəmişlik, çürümə və qopan suvaqlar acınacaqlı mənzərə yaradır.

​Məlumat üçün bildirək ki, Novxanıdakı “My Beach” otelinin “Hacı Məhərrəm” ləqəbi ilə tanınan iş adamı Məhərrəm Novruzova məxsus olduğu deyilir. Qeyd edək ki, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivi də həmin iş adamının mülkiyyətindədir.

Müştərilərdən yüksək məbləğdə ödəniş alıb belə bərbad, antisanitar və təhlükəli şərait təqdim etmək istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Aidiyyəti dövlət qurumlarının – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sözügedən obyektdə təcili monitorinq aparması zəruridir.

​Qeyd edək ki, sözügedən məkanda fəaliyyət göstərən otel xidməti ilə bağlı əldə etdiyimiz ciddi məlumatlar barədə aidiyyəti üzrə rəsmi sorğu göndərildikdən sonra həmin faktları da dərc edəcəyik.

Faktum.az  olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

REKLAM728×90
Paylaş: