Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakının “Donmuş” Eskalatorları: Milyonluq keçidlər piyadalar üçün necə ölüm tələsinə çevrilir?

07 İyul 2026, 10:15 Cəmiyyət
728×90

​Paytaxt Bakının yol infrastrukturunun yenilənməsi, yeraltı və yerüstü piyada keçidlərinin inşası üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Müasir dizaynlı, eskalatorlu və liftli bu keçidlər vətəndaşların rahatlığı və təhlükəsizliyi üçün ən son texnologiya kimi təqdim olunur. Lakin bir müddət sonra şəhərin ən strateji nöqtələrində bu hərəkət edən pilləkənlər “əbədi” yuxuya gedir. Bakının yeraltı və yerüstü keçidlərindəki eskalatorların kütləvi şəkildə işləməməsi artıq xroniki bir fəlakətə və ciddi sosial problemə çevrilib.

​Faktum.az qeyd edir ki, bu gün paytaxtın ən işlək nöqtələrində – 8 Noyabr və Azadlıq prospektlərində, şəhərin mərkəzi sayılan Fəvvarələr meydanının (Tarqovu) müxtəlif keçidlərində, həmçinin Heydər Əliyev Sarayının qarşısındakı parkın hər iki tərəfində yerləşən keçidlərdə və sair  eskalatorlar aylarla, hətta illərlə fəaliyyətsiz qalıb. Bu mənzərə şəhərin vitrininə vurulan ən böyük ləkədir. Məsələ ilə bağlı aidiyyəti idarələrə ildə bir dəfə də müraciət etsəniz, məsul şəxslərin verəcəyi cavab şablon və gülüncdür: “Lazımi ehtiyat hissələri ölkədə yoxdur, xaricdən sifariş verilib, yaxın günlərdə gələcək və düzələcək”. Bu “yaxın günlər” isə nədənsə illərə çevrilir.

Axı Bakının keçidlərindəki eskalatorlar hansı unikal kosmik texnologiya ilə hazırlanıb ki, onun bir bərkitmə rezinini və ya kiçik detalını illərlə tapıb gətirmək bu qədər müşkül olub?

Məsul şəxslərin bu rahatlığı və vətəndaşı yola vermək taktikası artıq dözülməz həddə çatıb. ​Bu laqeydliyin bədəlini isə vətəndaşlar öz canı və qanı ilə ödəyirlər. Həmin keçidlərin pilləkənləri o qədər dik və dərindir ki, dizində, ayağında problem olan yaşlı insanlar, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, uşaqlı analar və fiziki məhdudiyyətli şəxslər üçün o pillələri qalxıb-düşmək əsl işgəncəyə çevrilir. Nəticədə isə çarəsiz qalan piyadalar metrlərlə dərinliyi olan keçidə enməmək üçün həyatlarını riskə ataraq sürətli magistral yollardan, avtomobillərin arası ilə qaçaraq keçməyə üstünlük verirlər. Məhz dövlətin milyonlar xərclədiyi keçidlərdəki eskalatorların işləməməsi səbəbindən hər ay onlarla ağır, hətta ölümlə nəticələnən yol-nəqliyyat qəzaları baş verir. Məsul şəxslərin “detal gözləyirik” laqeydliyi paytaxt küçələrində insan ölümlərinə zəmin hazırlayır.

​Faktum.az olaraq hesab  edirik ki, aidiyyəti idarələr  vətəndaşı şablon bəhanələrlə yola verməyi dayandırıb, problemin həlli üçün heçolmasa alternativ tədbirlər görməlidirlər.  Məsələn, ən azından həmin  yollarda təhlükəsiz yerüstü piyada zolaqları və işıqforlar quraşdırılsın ki, insanlar canını qurtara bilsinlər.

 

Jalə Asiman

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

728×90
Paylaş: