Kosmetoloq Alya Shirin: “Təbiiliyi və üz cizgilərinin fərdiliyini hər zaman ön planda tutmaq lazımdır”

Faktum.az xəbər verir ki, gözəllik hər kəs üçün fərqli məna daşıyır. Əsl gözəllik isə insanın özünəməxsus simasını qorumaqla, təbii cizgilərini ön plana çıxarmaqdır. Kosmetologiya sahəsində peşəkarlıq yalnız xarici görünüşü dəyişdirmək deyil, həm də insanın özünəinamını artırmaq, sağlamlığını və fərdiliyini qorumaqdır.
Yeddi ildir kosmetologiya sahəsində fəaliyyət göstərən Alya xanım da işində məhz bu prinsiplərə üstünlük verir. O, təbiiliyi qorumağın, dürüst yanaşmanın və hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə almağın vacibliyini vurğulayır. Alya xanımla peşə seçimi, müasir gözəllik trendləri, pasiyentlərin müraciətləri və xanımların gözəllik naminə diqqət etməli olduqları məqamlar barədə maraqlı söhbətləşdik.

— Alya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
— Bu sahəyə mərhələli və düşünülmüş şəkildə gəlmişəm. İşimi çox sevirəm və özümü məhz bu peşədə görürəm. Zaman keçdikcə anladım ki, kosmetologiya mənim üçün sadəcə bir iş deyil, həm də böyük maraq və sevgi ilə yanaşdığım bir sahədir.
— Neçə ildir ki, bu sahədəsiniz?
— Artıq yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
— Öz sahəniz üzrə hansı xidmətləri göstərirsiniz?
— Bütün xidmətləri göstərirəm. Amma ən çox sevdiyim prosedurlar yaşlanma əleyhinə olan prosedurlardır. Hazırda həm xanımlar, həm də bəylər bu xidmətlərə böyük maraq göstərirlər. Çalışıram ki, təbiiliyi qorumaqla, kiçik və düzgün toxunuşlarla pasiyentlərimin gözəlliyini daha da ön plana çıxarım.
— Son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
— Hazırda payız mövsümüdür. Yay aylarında günəş şüalarının təsirindən dəridə su balansının pozulması və digər dəri problemləri ilə bağlı müraciətlər artır. Pasiyentlərimizin dəri ehtiyaclarını nəzərə alaraq uyğun prosedurlar təklif edirik.
— İş prinsipiniz nədən ibarətdir?
— Mən dürüstlüyün tərəfdarıyam və buna çox önəm verirəm. Çünki sağlamlığını bizə etibar edən hər bir pasiyentin təhlükəsizliyi bizim üçün çox vacibdir. Təbii ki, pasiyentin istədiyi nəticəni əldə etməsi üçün də əlimizdən gələni edirik. Amma bunu edərkən sağlamlığı, təbiiliyi və üz cizgilərinin fərdiliyini hər zaman ön planda tutmaq lazımdır.
— Son zamanlarda xanımlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
— Bizim xanımlarımız baxımlı olmağı sevirlər. Bununla belə, kosmetoloji prosedurlar və dəriyə düzgün qulluq barədə maariflənməyə hələ də ehtiyac var. Düşünürəm ki, zaman keçdikcə insanlar bu sahədə daha çox məlumat əldə edəcək və daha düzgün seçimlər edəcəklər.
— Bir kosmetoloq olaraq hansı hallarda “yox” deyirsiniz?
— Mənim üçün ən vacib məsələ pasiyentin sağlamlığı və təbiiliyinin qorunmasıdır. Əgər hər hansı prosedurun insanın sağlamlığına zərər verə biləcəyini və ya onun üz cizgilərinə uyğun olmadığını düşünürəmsə, bunu açıq şəkildə bildirirəm. Hər istəyin həyata keçirilməsi düzgün deyil. Kosmetoloq olaraq məsuliyyətimiz yalnız gözəllik yaratmaq deyil, həm də pasiyentə doğru istiqamət göstərməkdır.
— Bu gün xanımların əksəriyyəti vizual olaraq bir-birinə bənzəyir. Sizcə, bu tendensiya nədən qaynaqlanır?
— Bu tendensiya hər dövrdə müəyyən formada mövcud olub. Ancaq məncə, hər kəsin bir-birinə bənzəməyə çalışması yaxşı hal deyil. Hər bir sima fərdidir və bu fərdiliyi qorumaq lazımdır. Mən pasiyentlərimə də hər zaman bu barədə tövsiyələr verirəm. Əsas məqsəd başqasına bənzəmək deyil, öz gözəlliyini düzgün şəkildə ortaya çıxarmaqdır.
— Sizcə, bir xanımın daha cazibədar görünməsi üçün üzünün hansı cizgisi daha önəmlidir?
— Hər bir insanın üz cizgiləri ona verilən özünəməxsus xüsusiyyətdir. Hər kəsin özünə görə bir şarmı, cazibəsi var. Bəzən insanın üz cizgiləri müəyyən gözəllik standartlarına uyğun gəlməyə bilər, amma onda elə bir ifadə, elə bir şirinlik olur ki, məhz bu xüsusiyyətlər onun fərdiliyini əks etdirir. Məncə, əsas məsələ standartlara uyğunlaşmaq deyil, insanın özünə yaraşanı tapmasıdır.
— Xarakter etibarilə necə birisiniz?
— İşimdə məsuliyyətli, diqqətli və kreativ olmağa çalışıram. İnsanlarla səmimi ünsiyyət qurmağı sevirəm. Mənim üçün qarşımdakı insanın etimadını qazanmaq və onun məmnuniyyətini görmək çox önəmlidir. İşimə sevgi ilə yanaşıram və hər zaman daha yaxşı nəticələr əldə etməyə çalışıram.
— Xanımlara nə məsləhət görərdiniz?
— Kosmetoloq olsam da, ilk növbədə insanlara öz sağlamlıqlarına diqqət yetirməyi məsləhət görürəm. Fiziki baxımdan sağlam olmaq, düzgün qidalanmaq, hərəkətli həyat tərzi sürmək çox vacibdir. Çünki insanın daxili sağlamlığı onun xarici görünüşündə də özünü göstərir. İnsan özünə qayğı göstərdikcə həm fiziki, həm də mənəvi baxımdan daha gümrah olur. “Sağlam bədəndə sağlam ruh olar” — bu cümlə mənim həyat devizimdir. Gözəlliyə gedən yol yalnız kosmetoloji prosedurlardan keçmir, sağlam həyat tərzi də burada mühüm rol oynayır.
— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
— Uşaqlıqda tamam başqa peşələr haqqında düşünürdüm. Amma kosmetologiyaya da marağım var idi. İnsanların üz cizgilərinə baxır, sanki xəyalımdakı bir fırça ilə onların qaşlarını, gözlərini və digər cizgilərini çəkirdim. İndi geriyə baxanda anlayıram ki, bu maraq təsadüfi deyilmiş. Nə yaxşı ki, kosmetoloq oldum! Seçdiyim sahədən və hazırda olduğum yerdən çox məmnunam.

Peşəkar mütəxəssisin fəaliyyəti ilə yaxından tanış olmaq və suallarınızı ünvanlamaq üçün onun rəsmi Instagram səhifəsinə daxil ola bilərsiniz.
