Zamla yarışı həkim qazandı

Faktum.az xəbər verir ki, 17 iyun 1983-cü il tarixi Litvanın kiçik bir kəndində dəhşətli bir faciə və eyni zamanda görünməmiş bir insan həmrəyliyi hekayəsinin başlanğıcı oldu. 3 yaşlı Rasa başına gələcəklərdən xəbərsiz boyundan uca otların arasında oynayırdı. Kombaynla ot biçən atası hündür otların gizlətdiyi kiçik qızını görməyərək kombaynı onun üzərinə sürdü. Nəticədə, kombaynın dişləri körpənin hər iki ayağını qoparıb atdı.
Faciə dərhal bütün SSRİ-yə bildirildi. Kənd həkiminin tövsiyəsi ilə kəsilmiş ayaqlar, buz tapılmadığı üçün, dondurulmuş balıq torbalarına qoyularaq qorunmağa çalışıldı. Ölkənin bütün tibb personalı, hərbi və mülki aviasiyası Rasa üçün səfərbər olundu. Tu-134 təyyarəsi Moskvaya doğru havalandı və onun üçün səmada “yaşıl dəhliz” açıldı, o istiqamətdəki bütün reyslər dayandırıldı. Faciədən 12 saat sonra Rasa və ayaqları Moskvanın Filatov adına xəstəxanasına çatdırıldı.
Xəstəxana rəhbərliyi toksik şok riskini əsas gətirərək əməliyyatdan imtina etsə də, gənc həkim Ramaz Datiaşvili məsuliyyəti təkbaşına üzərinə götürdü. 9 saat davam edən zərgər dəqiqliyi ilə aparılan əməliyyat nəticəsində damarlar, sinirlər və vətərlər birləşdirildi. Az sonra körpənin ayaq dırnaqlarına qan axışı başladı – ayaqlar xilas olmuşdu. Əməliyyat o qədər mükəmməl idi ki, artıq payızda Rasa sərbəst gəzə bilirdi.
Rasa böyüdükcə ayaqlarında kəsik izləri belə qalmadı. O, ailə qurdu, öz toyunda rəqs etdi. Sonralar Amerikaya köçən həkim Ramaz Datiaşvili, “Sənin mükafatın nə oldu?” sualına, “Rasanın öz toyunda rəqs edə bilməsini görməyim ən böyük mükafatımdır” deyə cavab verdi. Rasa həkimini mənəvi atası adlandırır və hazırda Almaniyada yaşayan bir qız anasıdır. Onun Ramaz Datiaşvili ilə möhkəm bağları var. Görünür, həkim yalnız Rasanın fiziki deyil, mənəvi bağlarını da özünə birləşdirib.

Tərifə Şükürqızı
