Hanami: Yaponiyanın Çiçək Aşan Albalı Ağacları Altında Fəlsəfi Bahar Mərasimi

Faktum.az xəbər verir ki, Yapon mədəniyyətində yaz aylarının gəlişi ilə başlayan “Hanami” (hərfən “çiçəklərə baxmaq”) ənənəsi əsrlərdir davam edən qədim və fəlsəfi bir mərasimdir.
Hər il mart-aprel ayları arasında Sakura (albalı) ağacları çiçək açanda bütün yaponlar parklara, bağlara və məbəd ərazilərinə axın edirlər. Ailələr, dostlar və iş yoldaşları albalı ağaclarının çəhrayı ləçəkləri altında yerə sərilib xüsusi yeməklər yeyir, çay içir, musiqi dinləyir və söhbət edirlər.
Bu ənənənin kökündə dərin bir həyat fəlsəfəsi dayanır. Sakuranın çiçəklərinin çox qısa müddətdə – cəmi bir neçə gün ərzində tökülməsi yapon düşüncəsində həyatın gözəlliyinin qısamüddətli və keçici olduğunu, hər anın qədrini bilmək lazımlığını simvolizə edir. Hanami sadəcə təbiətin oyanışını qeyd etmək deyil, həm də insan ömrünün müvəqqəti və zərif mahiyyəti üzərində düşünmək üçün bir fürsətdir.
