Bu kəndə kişilərin daxil olması qəti qadağandır

Bəli, qulağa qəribə gəldiyinin fərqindəyik.
İndi isə, sizləri, o kəndlə tanış edək!
Kenyanın, Samburi rayonundakı Umoje kəndi, 1990-cı ildə, təcavüzə uğrayan, uşaq yaşında evlənməyə məcbur edilən, ailə daxili fiziki zorakılığa məruz qalan qadınlar tərəfindən yaradılıb. Kəndin dəyişməyən, qəti qanunları var. Dünyanın harasından olursa-olsun gəlmiş heç bir kişi, kəndin ərazisinə buraxılmır.
Uşaq dünyaya gətirmək istəyən qadın, kəndin ərazisindən kənarda, seçdiyi kişi ilə münasibət yaşayır. Doğulan uşaq oğlan olursa, yetkinlik yaşına çatana qədər ananın yanında qalmasına icazə verilir. Yetkinlik yaşına çatmış oğlan uşağı, kənddən çıxarılır.
Kəndin qadınları maddi gəlir yeri olaraq Samburi qadınlarına məxsus bəzək əşyaları hazırlayıb satışa çıxarırlar. Oradan gələn gəlirlə gündəlik zəruri ehtiyaclarını ödəyirlər. Digər bir tərəfdən isə kəndi ziyarətə gələn turist qadınlar və Safari turları sayəsində gəlir əldə edilir. Bu gəlirlər uşaqların təhsilinə və tibbi xərclərə sərf olunur.
Kəndin idarəçiliyi həftədə bir dəfə keçirilən məclis toplantısında bərabər səsvermə qaydası ilə həyata keçirilir.
Görünən mənzərə onu ortaya qoyur ki, qadınların haqlarına hörmətlə yanaşılmadıqda əks cinsə qarşı nifrət başlayır.
Nəticədə Umoje kəndi kimi ədalətli qadın “imperatorluğu” yaranır.

Tərifə Şükürqızı
