Şamaxinkada dözülməz kanalizasiya rəzaləti: Küçə xəstəlik mənbəyinə çevrilib!

Bakının Nəsimi rayonu, “Şamaxinka” kimi tanınan ərazisində yerləşən Əli Tağızadə küçəsinin sakinləri uzun müddətdir ki, antisanitariya və dözülməz qoxu ilə mübarizə aparır. Ərazidə fəaliyyət göstərən “İmperial” şadlıq sarayı ilə “Al market”in arasındakı kanalizasiya quyusu mütəmadi olaraq daşaraq ətrafı bərbad vəziyyətə qoyur. Quyudan qaynayıb tökülən üfunətli çirkab suları bütün dördyol ayrıcına qədər axır və qızmar yay günlərində ətrafa kəskin, dözülməz qoxu yayır.
Bu vəziyyət həm piyadalar, həm də sürücülər üçün böyük çətinlik yaradır. Yoldan keçən sakinlərin, xüsusilə də uşaqların üst-başına bu çirkab suları sıçrayır. Avtomobillər hərəkət edərkən isə vəziyyət daha da iyrənc hal alır; maşınların təkərlərindən ətrafa yayılan üfunətli su piyadaların və ərazidəki obyektlərin üstünü batırır.
İnsanların hər gün yeni bir yoluxucu xəstəliklə mübarizə apardığı bir dövrdə, yay istisində böyüklü-kiçikli hamının sağlamlığını təhlükəyə atan bu kanalizasiya daşqınları sakinlərin səbrini daşırıb. Ərazi sakinləri aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə səslənərək, bu xəstəlik mənbəyinə və antisanitariyaya birdəfəlik son qoyulmasını, problemin təcili şəkildə həll edilməsini xahiş edirlər.
Şəhla İlkay
