Təmiz balı necə tanımaq olar?

Ən faydalı qidalardan biri də xalis baldır. Amma etiraf edək ki, bu gün təmiz bala çox oxşayan ətirli, lakin, saxta bal satanlar da çoxdur. Bəs, xalis balı saxta baldan necə ayırmaq olar?
Bunun ən etibarlı yolu laboratoriya analizləridir. Lakin ev şəraitində də tətbiq edilən bəzi üsullar balın təbiiliyi barədə real ipucuları verir.
Məsələn, təmiz bal qaşıqla yuxarı qaldırılıb axıdıldıqda qırılmadan, kəsilməz bir xətt halında davamlı olaraq axır. Saxta bal isə qırıq-qırıq tökülür.Təbii bal nazik tellər şəklində uzanır. Bu tellər qırılan kimi dərhal geri yığılır.
Bəs balın təmizliyini qoxusundan və dadından necə anlamaq olar?Əsl balın özünəməxsus zərif çiçək ətri olur və yeyildikdə boğazı yüngülcə yandırır. Sintetik esensiyalı saxta balların qoxusu isə kəskin və burun qıcıqlandırıcı olur.
Eyni zamanda təbii bal soyuq mühitdə qaldıqda mütləq kristallaşır və xarlayır. Tamamilə şəkərlənməyən, həmişə duru qalan bal böyük ehtimalla saxtadır və ya yüksək temperaturda emal edilmişdir.
Balın təmizliyini su testi ilə də yoxlamaq olar.
Düz bir boşqaba bir az bal qoyun və üzərinə soyuq su əlavə edib boşqabı dairəvi hərəkətlərlə bulayın. Təmiz bal suda dərhal həll olunmur və suyun altında altıbucaqlı pətək naxışları əmələ gətirir.
Bir tikə təzə çörəyi balın içinə batırıb 10 dəqiqə gözləyin. Təmiz bal çörəyi bərkidir. Tərkibində su və ya şərbət olan saxta bal isə çörəyi yumşaldır.
Kağız salfetin üzərinə bal çəkib yandırın. Təmiz bal asanlıqla yanmağa başlayır. Qlükoza şərbətli saxta ballar isə alov gördükdə cızıldayır və köpüklənir.
Azərbaycanda ən xalis ballar adətən Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy,Şəki və Qax kimi dağlıq rayonlarda istehsal olunur. Bu bölgələrin balı ən gözəl bal kimi dəyərləndirilə bilər, əsas məsələ isə arıçının insafındadır.

Şəhla İlkay
