Gəlinə palçıq və tullantı atmaq: Şotlandiyada “Qaraltma” ənənəsi

Faktum.az xəbər verir ki, dünyanın əksər mədəniyyətlərində toy hazırlıqları təmizlik, bəzənidilmə və zərifliklə assosiasiya olunsa da, Şotlandiyanın kənd bölgələrində və adalarında tamamilə əksini görə bilərsiniz. Toya günlər qalmış gəlin və ya bəy dostları tərəfindən “oğurlanır” və üzərlərinə zərərli olmayan, lakin olduqca yapışqan, çirkli maddələr tökülür. Şotlandiyada əsrlərdir saxlanılan bu qəribə ənənə “Qaraltma” (Blackening) adlanır.
Bu adət zamanı gəlin və bəyin üzərinə palçıq, kömür hisi, qatran, yumurta, xarab olmuş qidalar, un, balıq qalıqları və bənzər çirkli qatışıqlar tökülür. Daha sonra “qurbanlar” açıq yük maşınlarının arxasına oturdulur, kənd sakinləri səs-küy salaraq (qazan və tavaları bir-birinə vuraraq) onları bütün kənd boyunca nümayiş etdirirlər. Bəzi bölgələrdə hətta ritualın sonunda cütlük dirəyə bağlanır və ya dənizə atılır.
Ənənənin kökləri XIX əsrdə keçirilən “ayaq yuma” (feet-washing) təmizlik ritualına dayansa da, zamanla maraqlı bir psixoloji sınağa çevrilmişdir. Şotland inanclarına görə, toydan öncə dostlarının əlindən belə bir rəzalətə və biabırçılığa dözən cütlük gələcək evlilik həyatında qarşılaşacağı hər cür çətinliyə, problemlərə və böhranlara qarşı hazırlıqlı olur. “Bu sınaqdan keçən evlilik bütün fırtınalara tab gətirər” fəlsəfəsinə dayanan ritual, eyni zamanda pis ruhları uzaqlaşdırmaq və cütlüyə uğur gətirmək simvolu sayılır.
