Cumhuriyyətin 103-cü İldönümü

Türkiyənin Müstəqillik Zəfəri Və Müasir Dövlətçilik Təcrübəsi
Faktum.az xəbər verir ki, 29 oktyabr Türk dünyasının ən şərəfli və qürurverici tarixi səhifələrindən biridir. 1923-cü ilin məhz bu günündə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan olunmuş, Türkiyə dövlətinin idarəetmə forması rəsmən dünyaya bəyan edilmişdir. Qurtuluş Savaşında xalqın göstərdiyi misilsiz fədakarlıq və hərbi zəfərlər məhz Cümhuriyyətin qurulması ilə siyasi və hüquqi baxımdan öz məntiqi zirvəsinə çatmışdır.
Atatürkün “Egemenlik, kayıtsız şartsız milletindir” (Suverenlik, kayıtsız-şərtsiz millətindir) prinsipi üzərində bərqərar olan Türkiyə Cümhuriyyəti qısa müddətdə həyata keçirilən köklü islahatlarla müasir, dünyəvi və güclü bir dövlət modelinə çevrildi. Hər il bu əlamətdar tarix Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində və dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız, eləcə də qardaş Azərbaycan xalqı tərəfindən böyük təntənə və qürur hissi ilə qeyd olunur. 103 illik zəngin dövlətçilik tarixi olan Türkiyə Cümhuriyyəti bu gün də öz iqtisadi, hərbi və diplomatik gücü ilə regionun sabitlik sütunu və Türk dünyasının sarsılmaz qalası olaraq yoluna inamla davam edir.
