Alman dili üzrə mütəxəssis Aygün Balaməmmədova: “Həyat məni bu peşəyə gətirdi”

Faktum.az xəbər verir ki, alman dilinin tədrisinə uzun illərini həsr edən, zəngin pedaqoji təcrübəsi və tələbələrinə fərdi yanaşması ilə seçilən Aygün xanım üçün bu peşə əvvəlcədən qurduğu planın deyil, həyatın ona açdığı yolun nəticəsi olub. 1997-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olan müsahibimiz müxtəlif ali təhsil müəssisələrində çalışıb, bilik və təcrübəsini tələbələri ilə bölüşüb. Bu gün onun hazırladığı tələbələrin Almaniyada işləməsi isə illərin zəhmətinin və əməyinin sevindirici bəhrəsidir.

— Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
— Mənim arzum jurnalist olmaq idi. Sadəcə, jurnalistika fakültəsinə qəbul olmaq üçün balım kifayət etmədi. Topladığım bal Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinə uyğun gəldi. Ora qəbul olunduğumu eşidəndə evdə məndən başqa hamı sevinmişdi. Çünki bu, əvvəlcədən planlaşdırdığım bir seçim deyildi. Əslində, ilk vaxtlar rus dili müəllimi olmaq istəyirdim. Məktəbdə bütün fənləri əla oxuyurdum. Sonra tarixə, daha sonra isə jurnalistikaya marağım yarandı. Televiziyada çalışmaq, aparıcı olmaq arzum idi. Ancaq Dillər Universitetinə qəbul olunduqdan sonra anladım ki, bəlkə də mənim yerim elə bura imiş. Bu gün geriyə baxanda seçimimdən peşman deyiləm.
— Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
— 1997-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğulam.
— Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
— Mən yalnız alman dilini tədris edirəm, təlimlər keçirmirəm. Bakalavr təhsilimi başa vurduqdan sonra doqquz il bitirdiyim orta məktəbdə çalışdım. Daha sonra magistratura təhsili aldım və on il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında işlədim. Ardınca Avrasiya, Turizm və Slavyan universitetlərində də dərs dedim. Hazırda tələbələrimə A1 səviyyəsindən C1 səviyyəsinədək alman dilini öyrədirəm. Ən böyük sevincim ise hazırladığım tələbələrin bir qisminin artıq Almaniyada işləməsidir.
“Hər bir tələbəyə fərdi yanaşıram”
— Son zamanlar tələbələr sizə daha çox hansı məqsədlə müraciət edirlər?
— Əksəriyyəti Almaniyaya getmək, orada işləmək və ya həyatını davam etdirmək üçün alman dilini öyrənmək istəyir. Buna görə də onların məqsədlərini nəzərə alaraq dərslərimi qurmağa çalışıram.
— Bir dili mükəmməl öyrənmək üçün nə qədər vaxt lazımdır?
— Alman dili çətin dillər qrupuna daxildir. Sistemli bir dildir və onu öyrənmək istəyən şəxs bu sistemlə işləməyi bacarmalıdır. Öyrənmə müddəti isə insanın hazırkı dil səviyyəsindən, məqsədindən və qarşısına qoyduğu hədəflərdən asılıdır. Bundan başqa, tələb olunan dil səviyyəsi də seçilən ixtisasa və peşəyə görə dəyişir.
— Sizi digər müəllimlərdən fərqləndirən əsas xüsusiyyətiniz və üstünlüyünüz nədir?
— Mən hər bir tələbəyə fərdi yanaşıram. Qrup şəklində dərs keçərkən də çalışıram ki, hər kəs fəal iştirak etsin, danışsın və öyrəndiklərini tətbiq etsin. Tələbənin dərsdə aktiv olması mənim üçün çox vacibdir. Çünki bu zaman nəticələr də daha yaxşı olur.
— Bir pedaqoq olaraq nəyə “yox” deyirsiniz?
— Alman dili asan dil deyil. Onu öyrənmək istəyən şəxsin dil öyrənməyə marağı və müəyyən bacarığı olmalıdır. Əgər tələbənin qavrama qabiliyyətinin bu dili öyrənmək üçün yetərli olmadığını düşünürəmsə, bunu ona açıq şəkildə bildirirəm və bəzən əməkdaşlığı davam etdirmək istəmədiyimi deyirəm. Adətən, tələbəni müşahidə etdikdən sonra onun irəliləyib-irəliləyə bilməyəcəyini təxmin edə bilirəm. Maraqlıdır ki, bu təxminlərim əksər hallarda doğru çıxır.
“Dərsdə səbirliyəm, dərsdən kənarda isə o qədər də yox” (gülür)
— Xarakter etibarilə necə birisiniz?
— Dərs zamanı bacardığım qədər səbirli olmağa çalışıram. Amma dərsdən kənarda o qədər də səbirli deyiləm (gülür).
— Ailəlisinizmi?
— Xeyr, subayam.
“Gənclər əvvəlcə nə istədiklərini dəqiqləşdirməlidirlər”
— Xarici dil öyrənmək istəyən gənclərə nə məsləhət görərdiniz?
— Mən özüm də bu sahəyə əvvəlcədən planlaşdırdığım şəkildə gəlməmişəm. Həyat məni bu peşəyə gətirib. Gənclərə məsləhətim odur ki, ilk növbədə nə istədiklərini dəqiqləşdirsinlər, sonra isə məqsədlərinə doğru inamla irəliləsinlər. Çünki məqsədi dəqiq müəyyənləşdirilmədən görülən işin uğurlu olması çətinləşir. Hər hansı addımı atmazdan əvvəl mümkün nəticələri düşünmək, qarşıya çıxacaq çətinlikləri nəzərə almaq lazımdır. İnsan nə istədiyini biləndə yolunu müəyyənləşdirmək və hədəfinə çatmaq da asanlaşır.
— “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Cümləsini özünüz tamamlayın, zəhmət olmasa.
— Ağlıma gəlməzdi ki, bu qədər tələbəm olacaq və onların bir qismi Almaniyada işləyə biləcək. Orta məktəbdə oxuyarkən başqa bir arzum da var idi: gələcəkdə ali təhsil müəssisəsində dərs demək. Şükürlər olsun ki, bu arzum da gerçəkləşdi.

Əlaqə Vasitələri:
-
Əlaqə nömrəsi: (+99477) 545 15 76
-
İnstagram səhifəsi: deut.schmitaygun_rustam
