Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib

01 Avqust 2026, 10:53 Cəmiyyət
REKLAM728×90

 

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib.

 

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli-mənəvi dəyərlərinə ehtiramın, ana dilinə sevginin və dövlətçilik ənənələrinin təntənəsidir. Bu əlamətdar gün Azərbaycan dilinin inkişafı və qorunması naminə göstərilən tarixi xidmətləri bir daha xatırlamaq üçün mühüm fürsətdir. Bu xidmətlərdən danışarkən Ulu Öndər Heydər Əliyevin adı xüsusi ehtiramla qeyd olunur. O, dövlət dili məsələsində uzaqgörən siyasəti, qətiyyəti və cəsarətli mövqeyi ilə Azərbaycan tarixində silinməz iz qoymuşdur.

Azərbaycan dili müxtəlif dövrlərdə müəyyən çətinliklərlə üzləşsə də, xalqımız öz ana dilini qoruyub yaşatmağı bacarmışdır. Bu prosesdə Heydər Əliyevin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. O, ana dilini yalnız milli-mədəni sərvət kimi deyil, müstəqil dövlətçiliyin əsas atributlarından biri kimi qiymətləndirirdi. Məhz buna görə də dilimizin hüquqi statusunun möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində geniş tətbiqi və gələcək inkişafı onun siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur.

Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da gücləndirildi, latın qrafikalı əlifbaya keçid ardıcıl şəkildə həyata keçirildi və ana dilinin inkişafını təmin edən mühüm qərarlar qəbul olundu. Onun imzaladığı sənədlər dil siyasətinin hüquqi əsaslarını möhkəmləndirdi, dövlət idarəçiliyində, təhsil sistemində və kütləvi informasiya vasitələrində Azərbaycan dilinin tətbiqinə yeni imkanlar yaratdı. Bu addımlar milli özünüdərkin və dövlət müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verdi. Heydər Əliyev gənclərin ana dilini mükəmməl bilməsini xalqın gələcəyi üçün vacib şərt hesab edirdi. O, çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan dili xalqımızın milli kimliyini yaşadan əsas dəyərlərdən biridir və hər bir vətəndaş bu dili qorumağı özünün mənəvi borcu saymalıdır. Bu fikirlər bu gün də aktuallığını qoruyur və dil siyasətimizin əsas istiqamətlərindən biri kimi yaşayır.

Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlər Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurla davam etdirildiyini göstərir. Dövlət proqramları, normativ sənədlər, eləcə də ana dilinin rəqəmsal mühitdə tətbiqinin genişləndirilməsi bu siyasətin müasir mərhələdə yeni məzmunla davam etdirilməsinin nümunəsidir.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bir daha xatırladır ki, ana dilimizi qorumaq yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq vəzifəsidir. Ulu Öndər Heydər Əliyevin dövlət dili uğrunda apardığı ardıcıl mübarizə bu gün də hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Ana dilimizə sahib çıxmaq, onun saflığını qorumaq və zənginliyini gələcək nəsillərə çatdırmaq milli kimliyimizə və müstəqil dövlətçiliyimizə xidmət edən ən müqəddəs vəzifələrdən biridir.

 

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva

REKLAM728×90
Paylaş: