Universiteti cəbhəyə dəyişən qəhrəman: Şəhid Elşən Cəbiyevin və qardaşının gizli qalan dastanı

Faktum.az Birinci Qarabağ Müharibəsinin ən gərgin günlərində elm yolunu buraxıb silaha sarılan, ailəsindən gizli cəbhəyə yollanan unudulmaz ziyalı-döyüşçümüz Elşən Cəbiyevin və onun qəhrəman qardaşı Xəqaninin şərəfli ömür yolunu təqdim edir.
1968-ci il avqustun 2-də anadan olan Elşən Fərəc oğlu Cəbiyev ilk təhsilinə 1975-ci ildə doğma kəndində başlamış, 1983-cü ildə 8-illik məktəbi bitirdikdən sonra Naxçıvan MR Culfa rayonunun Əbrəqnus kəndindəki internat məktəbində orta təhsilini tamamlamışdır. Elmə olan böyük həvəsi onu 1985-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin əyani şöbəsinə gətirib çıxarır. Təhsil illərində, 1987-1989-cu illərdə Sovet ordusu sıralarında, Rusiyada hərbi xidmətini başa vuran Elşən, yenidən doğma universitetinə qayıdır və 1992-ci ildə BDU-nu uğurla bitirir. Parlaq zəkası və elmi potensialına görə ona universitetdə müəllim kimi qalmaq təklif edilsə də, Vətənin başı üstünü alan qara buludlar gənc riyaziyyatçının taleyini tamamilə dəyişir.

O, rahat kabineti və müəllimlik fəaliyyətini deyil, səngəri seçir. Müharibəyə getmək üçün xüsusi təyinatlı Milli Qvardiyanın sıralarına daxil olan Elşən Cəbiyev, ailəsinin narahat olmaması üçün bu qərarını hamıdan gizli saxlayır. Bu sirri yalnız kiçik qardaşı Elnura açaraq, “Ata-anam bilməsin, narahat olmasınlar” deyə tapşırır. Elnurun “Universitetdə qal, işlə” israrlarına baxmayaraq, Elşənin qərarı qəti olur: “Vətən dardadır!” Milli Qvardiyanın tərkibində ən ağır, həlledici döyüşlərin getdiyi bölgələrə göndərilən Elşən Ağdərə, Füzuli, Laçın, Murov və Ağdam istiqamətlərində keçirilən hərbi əməliyyatlarda böyük şücaət göstərir, zərbə qüvvəsi kimi düşmənə ağır itkilər yaşadır və göstərdiyi qəhrəmanlıqlara görə bir neçə orden və medallara layiq görülür.

Bu ailənin Vətən qarşısındakı fədakarlığı təkcə Elşənlə bitmir; onun digər qardaşı Cəbiyev Xəqani Fərəc oğlu da eyni vaxtda könüllü olaraq Birinci Qarabağ Müharibəsinə yollanır və gərgin döyüşlərdə göstərdiyi qəhrəmanlıqla bu gün də döyüş yoldaşlarının dilinin əzbərinə çevrilir. Hər iki qardaşın eyni anda odun-alovun içinə getməsi ailədə böyük narahatlıq və sarsıntı yaratsa da, cəsur qardaşlar öz prinsiplərindən dönmür və yaddaşlara həkk olunan o məşhur cümləni deyirlər: “Hər kəs öz vicdanına borcludur!”

Elmin zirvəsindən Vətənin müdafiəsinə tələsən Elşən Cəbiyev 1993-cü il iyunun 4-də qanlı döyüşlərin birində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalır və Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Faktum.az olaraq, Vətən naminə həm gəncliyini, həm elmi gələcəyini, həm də canını fəda edən Elşən Cəbiyevin və onun qəhrəman ailəsinin əziz xatirəsi qarşısında baş əyirik!

