Tarixdən silinməyən yara: 1993-cü il 23 iyul Ağdamın işğalı günü

Faktum.az xəbər verir ki, Birinci Qarabağ müharibəsinin ən ağır və faciəvi səhifələrindən biri olan Ağdam şəhərinin işğalı Azərbaycan xalqının yaddaşına silinməz izlərlə həkk olunub. 1993-cü il iyulun 23-də, aylarla davam edən qeyri-bərabər döyüşlər və amansız hücumlar nəticəsində Ağdam şəhəri və rayon ərazisinin 70 faizdən çoxu Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildi.
Qarabağın strateji və iqtisadı mərkəzlərindən biri sayılan Ağdam uğrunda gedən döyüşlərdə minlərlə həmyerlimiz şəhid oldu, yüzlərlə mülki şəxs yaralandı. İşğal nəticəsində 128 minədən çox rayon sakini doğma ocaqlarından ditkin düşərək məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Ermənistan hərbi birləşmələri şəhəri ələ keçirdikdən sonra oradakı bütün yaşayış binalarını, mədəniyyət abidələrini, məktəbləri və tarixi irsi sistemli şəkildə qarət edərək yerlə-yeksan etdilər. Məhz bu misilsiz vandalizmə görə xarici jurnalistlər və beynəlxalq təşkilatlar Ağdamı “Qafqazın Xirosiması” və ya “Ruhlar şəhəri” adlandırdılar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən 853 saylı qətnaməsinə baxmayaraq, Ağdam 27 il boyunca düşmən tapdağı altında qaldı.
Lakin tarixi ədalət 2020-ci ildə bərpa olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər və imzalattırdığı kapitulyasiya aktına əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi.
Bu gün Ağdam sürətlə bərpa olunur, keçmiş “Ruhlar şəhəri” dövlətimizin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yenidən dirçəlir və modern bir mərkəzə çevrilir.
