Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Qubadlının yeni inkişaf tarixi başlanıb

26 Oktyabr 2026, 12:31 Cəmiyyət
728×90

Qubadlının yeni inkişaf tarixi başlanıb.

 

Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı öz gözəlliyi, zəngin təbiəti, qədim tarixi və qəhrəman insanları ilə seçilir. Bu torpaq hər zaman öz igid oğul və qızları ilə tanınıb. Qubadlı sakinləri doğma yurdlarına olan sevgilərini, Vətənə bağlılıqlarını hər zaman qoruyub saxlayıblar.

25 Oktyabr Qubadlı şəhəri günü xalqımızın yaddaşında xüsusi yer tutur. Bu əlamətdar gün Qubadlının azadlığı, doğma torpaqlara qayıdış ümidi və gələcəyə inamın rəmzidir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə xalqımızın birliyinin, Azərbaycan Ordusunun gücünün və əsgərlərimizin qəhrəmanlığının təntənəsi oldu. Qubadlının azad olunması ilə bu qədim torpaqda yeni həyatın başlanması üçün mühüm zəmin yarandı. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qəlbində qayıdış arzusu yenidən canlandı. Hər bir qubadlılının ən böyük istəyi öz doğma evinə qayıtmaq, ata-baba yurdunu yenidən görmək, uşaqlıq xatirələri ilə dolu küçələrdə gəzməkdir.

Bu gün Qubadlıda geniş quruculuq və bərpa işləri aparılır. Dağıdılmış və yararsız vəziyyətə salınmış tikililərin yerində yeni binaların, yaşayış evlərinin və müasir infrastrukturun yaradılması istiqamətində işlər görülür. Məqsəd Qubadlını müasir, abad və rahat yaşayış üçün əlverişli şəhərə çevirməkdir. Yeni yolların çəkilməsi, sosial obyektlərin, məktəblərin, səhiyyə müəssisələrinin və digər vacib infrastrukturun yaradılması bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bütün bu işlər Qubadlıya yeni nəfəs verir, şəhərin gələcəyinə olan inamı artırır. Qubadlının inkişafı təkcə yeni binaların tikilməsi demək deyil. Bu, həm də burada həyatın yenidən canlanması, ailələrin öz doğma yurdlarında yaşaması, uşaqların məktəbə getməsi, gənclərin işləməsi və insanların gələcəyə ümidlə baxması deməkdir. Doğma torpağa qayıdış həm də milli yaddaşın, adət-ənənələrin və el-obaya bağlılığın yaşadılmasıdır.

Qubadlı torpağı tarix boyu öz mərd insanları ilə seçilib. Bu gün də qubadlılar doğma yurdlarının dirçəlişini böyük sevinc və qürur hissi ilə qarşılayırlar. Onlar inanırlar ki, şəhərimiz gündən-günə gözəlləşəcək, burada yeni iş yerləri açılacaq, iqtisadi və sosial həyat inkişaf edəcək. Qubadlı gələcək nəsillər üçün firavan və yaşıl bir diyara çevriləcək.

25 Oktyabr – Qubadlı şəhəri günü hər birimizə azadlığın, birliyin və Vətən sevgisinin nə qədər böyük dəyər olduğunu xatırladır. Bu gün həm şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, həm də torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızla fəxr edirik. Qubadlının qarşısında yeni üfüqlər açılıb. İndi əsas məqsəd bu qədim şəhəri yenidən qurmaq, onun əvvəlki şöhrətini bərpa etmək və gələcək nəsillərə daha gözəl şəkildə çatdırmaqdır. Əminliklə demək olar ki, Qubadlıda başlanan yeni inkişaf dövrü şəhərin həyatında mühüm dəyişikliklərə yol açacaq. Qubadlı yenidən qurulur, yenidən canlanır və gələcəyə doğru inamla addımlayır. Qubadlının yeni inkişaf tarixi başlanıb!

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev

 

 

728×90
Paylaş: