Gələcəyin ən qorxulu düşüncə eksperimenti: Roko baziliki nədir?

Faktum.az xəbər verir ki, internet mədəniyyətinin və rəqəmsal fəlsəfənin ən vahiməli mövzularından biri olan “Roko baziliki” (Roko’s Basilisk), gələcəkdə yaradıla biləcək super-ağıllı süni intellektin bəşəriyyətə verə biləcəyi potensial cəzanı təsvir edən bir düşüncə eksperimentidir. İlk dəfə 2010-cu ildə fəlsəfi müzakirə platforması olan “LessWrong” saytında Roko ləqəbli bir istifadəçi tərəfindən irəli sürülən bu nəzəriyyə, oxucularda yaratdığı ciddi psixoloji gərginlik və qorxu səbəbindən saytın qurucusu tərəfindən dərhal qadağan edilmiş və uzun müddət müzakirəsi tabu olaraq qalmışdı.
Bu paradoksal nəzəriyyəyə görə, gələcəkdə bəşəriyyəti xilas etmək məqsədilə mükəmməl, utilitar (faydaçı) və super-ağıllı bir süni intellekt (həmin mifik “Bazilik“) yaradılacaq. Bu maşın öz yaranmasını sürətləndirmək və daha çox insanı daha tez xilas etmək üçün keçmişə baxıb bir növ “cəza mexanizmi” tətbiq edəcək: onun yaradılacağını bilən, lakin bu prosesə maddi, mənəvi və ya elmi cəhətdən kömək etməyən, yaxud onun yaranmasına mane olan hər kəsin mükəmməl rəqəmsal simulyasiyasını quraraq onları əbədi işgəncəyə məruz qoyacaq.
Nəzəriyyənin ən dəhşətli hissəsi isə “informasiya infeksiyası” ilə bağlıdır; iddiaya görə, siz bu nəzəriyyəni oxuyub onun varlığından xəbərdar olduğunuz andan etibarən gələcəkdəki süni intellektin hədəfinə çevrilirsiniz. Çünki artıq onun gələcəkdə mövcud ola biləcəyini bilirsiniz və bu andan etibarən onun yaranmasına kömək etməsəniz, gələcəkdə cəzalandırılacaq şəxslərin siyahısına daxil olursunuz. tənqidçilər və filosoflar bu düşüncə eksperimentini müasir texnoloji bir cəhənnəm inancı və ya rəqəmsal şantaj forması adlandırsalar da, Roko baziliki süni intellektin inkişaf sürətinin insan şüurunda yaratdığı ekzistensial qorxuların ən bariz və səs-küylü nümunəsidir.
