Səhrada Tapılan Qədim Dəniz Canlıları

Böyük Səhranın Min İllər Əvvəl Okean Dibi Olduğunu Sübut Edən Nəhəng Balina Sümükləri
Faktum.az xəbər verir ki, bu gün sonsuz qum tepələri, quraqlıq və yandırıcı istisi ilə tanınan Böyük Səhranın (Saxara) dərinliklərində aparılan arxeoloji və geoloji qazıntılar tarixin görünməyən üzünü gözlər önüne sərir. Misirin Fayum vahəsində yerləşən və “Balinalar dərəsi” (Wadi El-Hitan) adlandırılan unikal ərazidə qumların altından çıxarılan minlərlə dəniz canlısının və nəhəng balina fosilləri, bu nəhəng səhranın milyonlarla il əvvəl əngin bir okean dibi olduğunu elmi şəkildə sübut edib.
Paleontoloqların kəşf etdiyi və yaxşı saxlanılmış bu fosillər arasında ibtidai balina növü olan Basilosaurus kimi nəhəng dəniz yırtıcılarının tam skeletlərinə, sualtı daşlaşmış mərcan riflərinə və qədim akula dişlərinə rast gəlinir. Ən heyrətamiz məqam isə bu ibtidai balina skeletlərində arxa ətrafların (ayaq sümüklərinin) izlərinin saxlanılmasıdır; bu da təkamül nəzəriyyəsində balinələrin quru canlılarından dəniz məməlilərinə necə keçid etdiyini göstərən ən vacib elmi sübutlardan biridir.
Təxminən 37-40 milyon il əvvəl Tetis okeanının suları ilə örtülü olan bu ərazilər qlobal iqlim dəyişiklikləri və tektonik lövhələrin hərəkəti nəticəsində zamanla quruyaraq nəhəng qum səhrasına çevrilib. UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən bu unikal sualtı qəbiristanlığı Yerin geoloji keçmişinin nə qədər dinamik və gözlənilməz dəyişikliklərə səhnə olduğunu bir daha sübut edir.
