Bələdiyyənin möhürü çıxarış deyil: torpaq alarkən nələri yoxlamaq lazımdır?

Bələdiyyə sənədi ilə torpaq alan vətəndaşların bir qismi həmin sənədi mülkiyyət hüququnu tam təsdiq edən sənəd hesab edir. Lakin bələdiyyənin qərarının və ya verdiyi arayışın olması hər zaman torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi demək deyil.
Bələdiyyə torpağının verilməsi qanunvericiliklə müəyyən edilmiş prosedura uyğun aparılmalıdır. Torpaq sahəsinin hüquqi statusu, təyinatı, sərhədləri və bələdiyyənin həmin torpaq üzərində sərəncam vermək səlahiyyəti əvvəlcədən yoxlanılmalıdır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən, bələdiyyə torpağının özgəninkiləşdirilməsi, istifadəyə və ya icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Qanunda nəzərdə tutulan hallarda torpağın satışı hərrac və ya müsabiqə yolu ilə həyata keçirilməlidir.
Deməli, yalnız bələdiyyə qərarı, ödəniş qəbzi və ya möhürlü arayış torpağın hüquqi vəziyyətinin problemsiz olduğunu göstərmir. Torpağın başqa şəxsə ayrılması, dövlət və ya ümumi istifadədə olan əraziyə düşməsi, sərhədlərinin düzgün müəyyən edilməməsi kimi hallar sonradan ciddi mübahisə yarada bilər.
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı həmin hüquqların dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Buna görə torpaq alan şəxs hüququnun dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını və elektron çıxarışın mövcudluğunu yoxlamalıdır.
Bələdiyyə torpağı almazdan əvvəl ən azı bu məsələlər araşdırılmalıdır:
1. Torpaq həqiqətən həmin bələdiyyənin mülkiyyətindədirmi?
2. Torpağın təyinatı nəzərdə tutulan istifadəyə uyğundurmu?
3. Torpağın ayrılması üçün qanuni qərar və müqavilə varmı?
4. Satışın hərrac və ya müsabiqə yolu ilə keçirilməsi tələb olunurdumu?
5. Torpaq üzərində başqa şəxsin hüququ və ya hər hansı məhdudiyyət varmı?
6. Mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq mümkündürmü?
Torpağın üzərində ev tikildikdən və böyük məbləğdə xərc çəkildikdən sonra sənədlərdəki problemi həll etmək daha çətin və bahalı olur.
Bələdiyyənin möhürü vacib sənəddir, lakin çıxarışı əvəz etmir. Torpağa pul ödəməzdən əvvəl sənədləri hüquqi baxımdan yoxlatmaq sonradan illərlə davam edən mübahisədən daha təhlükəsizdir.
Zaur Quliyev
Hüquqşünas | Mediator
