Əsl həkim canı deyi, ruhu qoruyur

Allah qatında peyğəmbərlər və şəhidlər qədər həkimlər də dəyərlidir.
Bir insanı xilas etməyi bütün bəşəriyyəti xilas etməyə bərabər tutan müqəddəs bir peşənin sahibləri – həkimlər, dar günümüzdə, son anımızda döydüyümüz ilk ümid qapısıdır. Bu gün sizə belə ümid qapılarından biri olan, 39 illik zəngin təcrübəyə malik Rəna həkimdən söz açmaq istəyirik.
Bəli, tam 39 ildir ki, ağ xalatı pərəstişlə daşıyan, peşəsinin bütün incəliklərinə yiyələnən həkim Rəna Zöhrab qızı Həsənovadan söhbət gedir.
Tibb Universitetini bitirdiyi ilk gündən Bakı şəhər 2 saylı Poliklinikada sıravi həkim kimi fəaliyyətə başlayan gənc, həyəcanlı və həvəsli qız ilk addımlarından xəstələrinə xüsusi münasibəti ilə seçilməyə başladı. Gənc yaşına baxmayaraq, o, hər bir pasiyentin ağrı-acısını öz ruhunda hiss etməyi bacarırdı. Çünki Rəna həkim yaxşı bilirdi ki, insanı verilən dərmanlardan daha çox, həkimin ruhuna toxunan şəfalı və səmimi sözləri sağaldır.
Peşəsinin ağır və məsuliyyətli pillələrini qalxarkən o, yalnız dərin biliyi ilə deyil, həm də işlədiyi kollektivin hörmət və sevgisini qazanmaqla addımladı. Təbiətindən gələn həlimlik, zərif davranış və samimiyyət gənc həkimə böyük etimad qazandırdı. Nəticədə o, ömrünü bağladığı 2 saylı Poliklinikada şöbə müdiri vəzifəsinə qədər yüksəldi. Lakin qazandığı heç bir uğur, sahib olduğu heç bir mövqe Rəna həkimin sadəliyini, samimiyyətini və insaniləşmiş davranışını dəyişə bilmədi.
39 ilini eyni müəssisəyə, eyni ocağa həsr edən həkimimizin şəfa bəxş etdiyi, həyata qaytardığı insanların sayı-hesabı yoxdur. Bu gün də kimliyindən asılı olmayaraq, onun qapısını döyən hər bir insana göstərdiyi diqqət və qayğı xəstələrin və onların yaxınlarının qəlbində bir ümid çırağı yandırır.
Ən böyük sərvətimiz olan can sağlığı elə-belə əmanət edilmir; insan onu yalnız güvəndiyi əllərə, xeyirxah ruha və mərhəmətli qəlbə etibar edir. Məhz belə etibarlı ünvanlardan biri də Rəna həkimin qapısı və onun şəfalı əlləridir.
Əlləriniz var olsun, dəyərli Həkim!

Tərifə Şükürqızı
