Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Bəlkə də minlərlə boşanmanın qarşısını ala biləcək hüquqi alətdən istifadə etmirik…

05 Avqust 2026, 18:42 Manşet
REKLAM728×90

Hər il minlərlə ailə dağılır. Məhkəmələrdə ən çox baxılan işlərdən biri boşanmalardır. Maraqlıdır ki, insanlar evlənərkən toyun keçirildiyi məkan, geyim, avtomobil karvanı və digər detallar üçün aylarla plan qururlar. Ancaq gələcəkdə ailənin hüquqi əsaslarını müəyyən edəcək məsələləri demək olar ki, heç vaxt müzakirə etmirlər.

Cəmiyyətdə nikah müqaviləsi haqqında formalaşmış yanlış təsəvvürlər bu institutun geniş tətbiqinə mane olur. Əksəriyyət hesab edir ki, nikah müqaviləsi sevgiyə inamsızlığın, hətta boşanmağa hazırlığın göstəricisidir. Halbuki hüquqi baxımdan onun məqsədi tamamilə başqadır.

Nikah müqaviləsi tərəflərin əmlak hüquq və vəzifələrini əvvəlcədən müəyyən edən hüquqi mexanizmdir. O, ailəni dağıtmaq üçün deyil, gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq, hüquqi aydınlıq yaratmaq və tərəflərin məsuliyyətini artırmaq üçün nəzərdə tutulub.

Bu, yeni anlayış da deyil. Tarixi mənbələr göstərir ki, hələ minilliklər əvvəl Qədim Mesopotamiyada insanlar nikah müqavilələri bağlayır, ailə münasibətlərini hüquqi qaydalarla tənzimləyirdilər. Deməli, onlar anlayırdılar ki, ailə yalnız hisslərdən ibarət deyil, həm də hüquqi münasibətdir.

Əlbəttə, nikah müqaviləsinin təkbaşına boşanmaların qarşısını alacağını iddia etmək doğru olmaz. Ailənin dağılmasına təsir edən səbəblər çoxşaxəlidir: xəyanət, zorakılıq, iqtisadi çətinliklər, psixoloji uyğunsuzluq və digər amillər. Lakin nikah müqaviləsi xüsusilə əmlak və maliyyə məsələləri ilə bağlı mübahisələrin qarşısını almağa, tərəfləri əvvəlcədən düşünülmüş qərarlar verməyə sövq etməyə kömək edə bilər.

Ən vacibi isə odur ki, nikah müqaviləsi tərəfləri evlənməzdən əvvəl ciddi söhbətə məcbur edir. Onlar gələcək həyatlarını, maliyyə məsuliyyətlərini, əmlak münasibətlərini və hüquqi öhdəliklərini müzakirə edirlər. Bəzən məhz bu açıq dialoq sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını ala bilər.

Düşünürəm ki, Azərbaycanda nikah müqaviləsinə münasibət dəyişməlidir. Onu ailəyə təhlükə kimi deyil, ailənin hüquqi təhlükəsizliyini təmin edən vasitə kimi qəbul etməyin vaxtı çatıb. Hüquqi maarifləndirmə gücləndirilməli, insanlar bu institutun mahiyyəti barədə düzgün məlumatlandırılmalıdır.

Sevgi ailənin başlanğıcıdır. Etibar onun dayağıdır. Hüquqi aydınlıq isə ailənin sarsılmaz qalmasına kömək edən mühüm sütunlardan biridir. Nikah müqaviləsi də məhz bu sütunu möhkəmləndirmək üçün mövcuddur.

Hüquqşünas Zaur Quliyev

REKLAM728×90
Paylaş: