Nə həkim kimi, nə qazi kimi nüfuzunu qoruya bilmədi

İnsanın heç bir sərvətlə satın ala bilməyəcəyi ən böyük nemət nəcib və sağlam bədəndir. Onu əlimizdə olduğu müddətdə qorumaq, sağlamlığımızı isə yalnız etibarlı həkimlərə əmanət etmək məcburiyyətindəyik. Əks halda, Mehmet Əliyevlə qarşılaşan pasientlərin acınacaqlı taleyini yaşamaq qaçılmaz olur.
Özünü “Veldent” stomatoloji klinikasının sahibi və eyni zamanda Vətən müharibəsi qazisi kimi təqdim edən Mehmet Əliyevlə tanışlıq bir çoxları üçün böyük peşmançılıqla nəticələnib.
Bakının hər tinində bir diş klinikasına rast gəlinən bir vaxtda, pasientlərin yolları təəssüf ki, “Veldent”dən düşüb. Diş müalicəsi üçün müraciət edən şəxslərə “pasient” kimi deyil, birbaşa “gəlir mənbəyi” (müştəri) kimi baxan həkim, ilk tanışlıqdan qazi olduğunu vurğulayaraq insanların həssas hisslərindən istifadə edib. Müqəddəs Qazi adına bəslənən sonsuz ehtiram və hörmətə görə klinikanın qeyri-kafi şəraitinə və çatışmazlıqlarına göz yumulub, başqa klinikalara müraciət etmək belə mənəvi baxımdan uyğun görülməyib.
Həkimin qoyduğu ilk qorxunc diaqnoz nəticəsində əsassız olaraq hətta tam sağlam dişlər belə çəkilib. Halbuki, vəziyyət heç də deyildiyi kimi təhlükəli olmayıb. İş işdən keçdiyindən pasientlər prosesin sonunun yaxşı olacağına ümid edərək gözləməyə məcbur qalıblar. Digər klinikalarda təklif olunan qiymətlərdən dəfələrlə baha olmasına baxmayaraq, xidmət haqqının böyük bir hissəsi öncədən ödənilib — yenə də həmin müqəddəs “Qazi” adına xatir.
Lakin böyük “sürpriz” irəlidə idi. Dişlərin çəkilməsindən 5 ay keçməsinə baxmayaraq, Mehmet Əliyev müxtəlif bəhanələr gətirərək razılaşdırılmış və ödənişi olunmuş müalicəni başa çatdırmaqdan boyun qaçırır. Pasientlərin zənglərinə cavab vermir, mesajlarını cavabsız qoyur və ünsiyyətdən yayınır.
Keçirilən kiçik araşdırma zamanı məlum olub ki, “Veldent” klinikası analoji üsulla bir çox pasienti aldadıb. Hazırda klinikada baş verən kütləvi insidentlər və dələduzluq əməlləri ilə bağlı polis təhqiqatı və araşdırması aparılır. Mehmet Əliyev isə pasientlərdən mənimsədiyi pulları geri qaytarmamaq üçün yayınmaqla məşğuldur.
Bütün bu baş verənlər bir daha sübut edir ki, insan nəfsi dibi görünməyən bir quyudur. Nəfs tərbiyə olunmadıqda, o, həkimlik şərəfini də, müqəddəs Qazi adını da belə rəzil duruma salır.
Tərifə Şükürqızı
