Psixopedaqoq Vüsalə Fətullayeva: “Bir Ev, İki Qəlb – Gəlin və Qaynana Arasında Münasibət”

Ölkəmizdə bir çox sosial problemlər mövcuddur. Onların içində ən çox danışılan, lakin ən az doğru anlaşılan mövzulardan biri də gəlin–qaynana, baldız–gəlin münasibətləridir. Uzun zamandır arzum bu münasibətləri mübahisə mövqeyindən çıxarıb, anlama və şəfa mövqeyinə daşımaq olub.
Bu gün gəlin-qaynana mövzusundan danışmaq mənim üçün xüsusilə həssasdır. Çünki bu müsahibədə təkcə peşəkar mövqeyimlə deyil, yaralı bir qəlbin səmimiyyəti ilə danışıram. Bu müsahibəni fərqli bir zamanda təqdim etməyi planlaşdırırdım, lakin tale elə gətirdi ki, itirdiyim qaynanamın 40 gününə həsr etmək istədim.
Ailə dediyimiz anlayış təkcə iki insanın evliliyi deyil. Ailə — nəsillərin bir-birinə toxunduğu, öyrəndiyi, dəyişdiyi və böyüdüyü canlı bir bağdır. Bu gün bu müsahibəni verməkdə məqsədim kimisə haqlı çıxarmaq deyil, məqsədim davaların bitməsi və bu bağların sevgiyə dönüşməsi üçün bir körpü olmaqdır.

1. Vüsalə xanım, gəlin–qaynana münasibətinin əsas problemi nədən başlayır?
- Məncə, problem danışılmayan qorxulardır. Ana qorxur oğlunu itirər, gəlin qorxur ailəsi əlindən alınar. Bu qorxular danışılmayanda münasibət zədələnir. Əslində tərəflər bir-birinə düşmən deyil, sadəcə öz yerlərin itirmək istəmirlər. Qorxu danışılmalı və tərəflər bir-biri ilə yaxından tanış olmalıdır. Əks halda, hər iki tərəfdə soyuqluq və inciklik yaranır.
2. Gəlin ailəyə “yeni üzv”dür, yoxsa “yeni nizam?
- Gəlin ailəyə yeni bir sistem yəni, yeni nizam kimi daxil olur. Çünki hər yeni insan özü ilə təkcə şəxsiyyətini yox, vərdişlərini, dəyərlərini, baxışını və yeniliyini gətirir. Sağlam ailə heç vaxt dəyişiklikdən qorxmur, onu ailəsinə uyğunlaşdıraraq qəbul edir.
3. Ana və həyat yoldaşı arasında balans mümkündürmü?
- Bəli, ana və həyat yoldaşı arasında balans mümkündür, amma bu balans öz-özünə yaranmır. Kişi nə anasından imtina etməlidir, nə də həyat yoldaşını tək qoymalıdır.Sağlam balans o zaman yaranır ki, kişi anaya hörməti saxlayaraq, həyat yoldaşının öz ailəsi olduğunu qəbul etsin. Yəni, ailədən ailə doğulur və bu yeni sistemin içində tərəflərin yeri aydın olmalıdır. Bir sözlə, kişi iki qadın arasında qalmamalıdır. O, iki münasibət arasında körpü olmalıdır.
4. Vüsalə xanım, gəlin kimdir, qaynana kimdir, qısa və aydın şəkildə necə ifadə edərdiniz?
- Gəlin — yad bir evə gəlib doğmalıq yaradan, sevdiyi bəyə həyatının yoldaşı olan, seçdiyi ailəni sevgi ilə bəzəyən, evə gələn yeni bir qəlbdir.
Qaynana — ailəni qoruyan ana, öyrədən və sevgisi ilə evi bir arada saxlayan, bağlayan, yaşadan bir qəlbdir.
5. Ailədə bir-birini dəyişmək yoxsa qəbul etmək lazımdır?
- Bütün insani münasibətlərdə dəyişmək yerinə qarşımızdakı insanları olduğu kimi qəbul etməyi öyrənməliyik.Çox vaxt beynimizdə qurduğumuz obrazı görmək istəyir, qarşımızdakı real insanı tanımırıq. Qəbul etmək-qarşı tərəfi olduğu kimi görüb ona uyğun davranmağı öyrənməkdir.
6. Öz qaynananız haqqında nə demək istəyərdiniz?
- Mən Xəliqə Kərimovanın gəliniyəm.Bu suala cavab vermək mənimçün həm fəxr, həm də çox çətindir. Çünki hər kəs bizi qaynana-gəlin olaraq görsə də , ilk gündən bir-birimizi görəndə anladıq biz doğmayıq. Həmişə üzlərimizdə açan təbəssüm, qəlbimizdə daşıdığımız sevgi, gözlərimizdəki sevinc işığı bizi bir-birimizə daha da yaxınlaşdırdı. O bağ elə bir bağ idi ki, adla yox, qəlblə qurulmuşdu.
Onu itirdikdən sonra bir daha yaxşı anladım ki, bəzi münasibətlər qanla deyil, sevgi ilə doğmalaşır. Mənim üçün o, təkcə qaynana deyil, qəlbimdə izi qalan bir ana idi….
Hər kəsə məni qürurla anlatdı, hər səhər duaları ilə yoluma nur saldı.
Qısa zamanda öyrətdi…sonra əmanət edib getdi.
Sanki bilirdi — vaxt azdır….
Onun ilk gündən ən böyük arzusu balalarının həmişə xoşbəxt, yan-yana olması və əllərimdə daim güllər daşımağım idi…Bizi bir-birimizə və Allaha əmanət etdi…
7. Qaynananızdan qalan ən gözəl xatirə nə oldu?
- Bu sualı düşünmədən oğlu, yəni, sevərək seçdiyim-Hikmət Kərimli deyərdim. O, anamızdan mənə qalan ən gözəl, qiymətli hədiyyədir. Hətta, görünüşcə sanki bilərək özünün bənzərin yaradıb və mən ona baxanda həm özün, həm də anamızı görürəm…
8. Müsahibənin son sözü olaraq, bir gəlinə və qaynanaya nə demək istərdiniz?
- Ən sağlam ailələrdə belə bu çətinliklər yaşanır. Fərq ondadır ki, bəziləri yaraları gizlədir, bəziləri sağaldır. Siz qərar verin, sağaldanmı, yuva quranmı olacaqsınız yoxsa o yuvanı yıxanmı? Bu həyat bir-birinizi incidəcək qədər mənasız deyil . Hər şeyi dəyişmək bizdən asılıdır. Bizdən sonrakılar da bizdən öyrənir…
Unutmayın, Ailə — haqlı çıxılan yox, birlikdə sağalan yuvadır…
