Genetik saatı dayandırmaq: Dəniz anasının ölümsüzlük sirri və insanın qocalma geni

Faktum.az xəbər verir ki, insan sivilizasiyası minilliklər boyu əbədi gənclik çeşməsini və ölümsüzlüyün sirrini axtardığı bir vaxtda, təbiət bu möcüzəni okeanın dərinliklərində yaşayan balaca bir canlıya çoxdan bəxş edib.
Cəmi 4.5 millimetr ölçüsündə olan Turritopsis dohrnii adlı dəniz anası biologiya elminin məlum sərhədlərini alt-üst edərək yerüzünün “bioloji olaraq ölümsüz” tək canlığı adını qazanıb.
Adi canlılar üçün qocalma, xəstəlik və ya fiziki zədələnmə ölümün qaçılmaz başlanğıcı sayıldığı halda, Turritopsis dohrnii üçün bu, sadəcə yenidən doğulmaq üçün bir siqnaldır. Şərait pisləşdikdə və ya canlı qocaldıqda, o, “transdifferentiation” (transdifferentiasiya) adlanan fövqəladə bioloji mexanizmini işə salır. Dəniz anası öz yetkin hüceyrələrini yenidən kök hüceyrə səviyyəsinə qaytarır, bədənini büzüşdürərək okean dibinə bərkiyir və inkişafın ilkin mərhələsi olan polip halına çevrilir. Başqa sözlə, bu canlı qocaldıqca təbiətin biologiya saatını geriyə fırladır və yetkin yaşdan yenidən “körpəlik” dövrünə qayıdır. Bu dövrü nəzəri olaraq sonsuz sayda təkrar edə bildiyi üçün o, təbii qocalmadan heç vaxt ölmür.
Genetikləri və tibb dünyasını həyəcanlandıran əsas məqam da məhz bu möcüzəvi genetik koddur. Müasir alimlər Turritopsis dohrnii-nin DNT-sini və hüceyrə bərpası genlərini araşdıraraq, insan hüceyrələrinin qocalmasının qarşısını almaq, zədələnmiş toxumaları bərpa etmək və xərçəng kimi hüceyrə mutasiyalarının qarşısını almaq üçün yollar axtarırlar. Okeanın dərinliklərindəki bu kiçik canlının hüceyrə mexanizmini tam şifrələmək bəşəriyyət üçün təkcə tibbi inqilab deyil, həm də qocalma genini ləğv edə biləcək ən böyük elmi açardır.
