Dünyanın ən məşhur saxtakarlıqları

İnsanların illərlə həqiqət sandığı saxta sənədlər, əsərlər və hekayələr
Faktum.az xəbər verir ki, tarix boyu var-dövlət, siyasi nüfuz və ya elmi şöhrət qazanmaq məqsədilə törədilən saxtakarlıqlar bəzən bütün cəmiyyətləri illərlə aldatmağı bacarmışdır. Bu cür tarixi maxinasiyaların ən böyük nümunələrindən biri Katolik Kilsəsinin dünyəvi hakimiyyət iddialarını əsaslandırmaq üçün VIII əsrdə uydurduğu “Konstantinin hədiyyəsi” sənədidir; güman edilirdi ki, Roma İmperatoru I Konstantin IV əsrdə Papaya bütün Qərbi Roma İmperiyası üzərində nəzarət bağışlayıb və bu Yalan yalnız XV əsrdə dilçilik analizi ilə ifşa olunub. Siyasi müstəvidə daha dağıdıcı təsirə malik digər saxtakarlıq isə XX əsrin əvvəlində Çar Rusiyasının gizli polisi tərəfindən uydurulan “Sion müdriklərinin protokolları” mətnidir ki, yəhudilərin dünyanı ələ keçirmək planı kimi qələmə verilən bu saxta əsər fransız satira kitabından plagiat edilərək kütləvi antisemitizm dalğasına zəmin yaratmışdı.
Elm və incəsənət dünyası da analoji aldatmacalardan kənarda qalmayıb. 1912-ci ildə İngiltərədə tapılan və meymunla insan arasındakı “itmiş həlqə” kimi təqdim edilən “Piltdaun adamı” kəlləsi tam 40 il boyunca dərsliklərdə həqiqət kimi tədris olunsa da, 1953-cü ildə onun orta əsrlərə aid insan kəlləsi ilə oranqutan çənəsinin kimyəvi yolla qocaldılaraq birləşdirilməsi olduğu üzə çıxdı. İncəsənət aləmində isə hollandiyalı rəssam Han van Meegeren İkinci Dünya Müharibəsi dövründə Yohannes Vermeyerin üslubunda çəkdiyi saxta tabloları nasist rəhbərlərinə və muzeylərə milyonlarla dollara sataraq ekspertləri aldatmış, yalnız müharibədən sonra vətənə xəyanət ittihamından qurtulmaq üçün əsərləri özünün çəkdiyini həbsxanada sübut etməli olmuşdu. 1983-cü ildə Almaniyanın “Stern” jurnalının Adolf Hitlerə aid olduğunu iddia edərək dərc etdiyi və milyonlarla marka xərclədiyi saxta “Hitler gündəlikləri” isə müasir mətbuat tarixinin ən böyük rüsvayçılıqlarından biri kimi yadda qaldı.
