5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günü -İnsanlıq və həmrəyliyin rəmzi

Faktum.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2012-ci ildə qəbul etdiyi qərarla hər yıl 5 sentyabr tarixi bütün dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur.
Bu xüsusi tarixin seçilməsi təsadüfi deyil; 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüş, bütün həyatını yoxsulluqla mübarizəyə və kimsəsizlərə kömək etməyə həsr etmiş Nobel laureatı Tereza Ananın 1997-ci ilin məhz bu günündə vəfat etməsi əbədiləşdirilib. Günün əsas məqsədi cəmiyyətdə sosial məsuliyyəti artırmaq, könüllülük fəaliyyətini təşviq etmək, insanları yoxsulluq, humanitar böhranlar və ədalətsizliklərlə mübarizədə xeyriyyəçi təşkilatlara dəstək olmağa səsləməkdir.
BMT vurğulayır ki, xeyriyyəçilik yalnız böyük maliyyə ianələri vermək deyil, eyni zamanda ehtiyacı olan bir insana vaxt ayırmaq, mənəvi dəstək olmaq və ya bilik və bacarıqlarını cəmiyyətin rifahı üçün bölüşməkdir. Bu gün humanizm və həmrəylik dəyərlərinin qlobal miqyasda daha geniş yayılması üçün vacib bir çağırış platforması rolunu oynayır.
